• 03.12.2022 13:08

Azərbaycan ilə Fələstin münasibətləri inkişaf edir

Apr 15, 2022

Aprelin 15-də Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Fələstin Dövlətinin ölkəmizdəki səfiri, habelə səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarının rəhbər şəxsləri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev 1992-ci il aprelin 15-də Azərbaycan ilə Fələstin arasında diplomatik münasibətlərin qurulmasının tariximizdə əlamətdar hadisə olduğunu qeyd edib. O, Fələstinin Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra onunla diplomatik münasibətlər quran ilk ölkələrdən biri olmasının dostluq və həmrəylik nümunəsi olduğunu bildirib. Azərbaycanın Fələstin ilə münasibətlərə önəm verdiyini qeyd edən F.Rzayev iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Nazir müavini möhkəm həmrəyliyə əsaslanan Azərbaycan-Fələstin münasibətlərinin bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə uğurla inkişaf edəcəyinə inamını ifadə edib.

Sonra çıxış edən Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim mədəni və dini dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan ilə Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olması münasibətilə təbriklərini çatdırıb. Səfir bu illər ərzində iki ölkə arasında münasibətlərin həmrəylik, dostluq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində uğurla inkişaf etdiyini bildirib. Fələstin Dövlətinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyi bir daha vurğulanıb. Nəssir Əbdül Kərim Əbdül Rəhim Azərbaycan və Fələstinin ikitərəfli formatla yanaşı, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq etdiyini məmnunluqla qeyd edib. Səfir hər iki dövlətə və xalqa sülh, əmin-amanlıq, rifah arzulayıb, müqəddəs Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycanla Fələstin arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.