• 03.12.2022 12:30

Politoloq: Azərbaycanın mövqeyi aydındır

Apr 15, 2022

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı olduqca geniş xarakterli nitqlə çıxış etdi. Dövlətimizin başçısının çıxışı zamanı bu günə qədər Azərbaycanın daxili və xarici siyasətində qət etdiyi yol, xüsusilə postmünaqişə dövründə əldə olunan uğurlar, hazırda dünyada hökm sürən reallıqların gətirmiş olduğu çağırışlar və bu siyasi-iqtisadi çağırışlarda Azərbaycanın tutduğu mövqe, verəcəyi cavabla bağlı olduqca aydın təsəvvür yaratdı. Dövlətimizin başçısı xarici siyasətimizin prioritet istiqamətlərini həm regional, həm də beynəlxalq münasibətlər kontekstindən kompleks şəklində işıqlandırdı. Bir sözlə, Prezident İlham Əliyevin həm giriş, həm də yekun nitqindən irəli gələn məsələlər dövlətimiz və xalqımız üçün yol xəritəsi hesab olunmalıdırsa, digər tərəfdən də Azərbaycanın cari mövqeyini beynəlxalq aləmə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, beynəlxalq münasibətlər sisteminin, dünyanın siyasi və iqtisadi mənzərəsinin olduqca gərgin olduğu bir zaman kəsiyində mövcud siyasi və iqtisadi təlatümlər qarşısında hətta bir çox nüfuzlu, oturuşmuş dövlətlərin çaşqınlıq və çətinlik yaşamasına baxmayaraq, dövlətimizin başçısının uzaqgörən rəhbərliyi ilə Azərbaycan bütün sahələr üzrə uğurla inkişaf edib, yaranmış və yarana biləcək çətinliklərin qarşısını proaktiv davranaraq zamanında almağı bacarıb. Bir il ərzində daxili siyasətimizin əsas istiqaməti Qarabağın yenidən dirçəldilməsi, Böyük Qayıdışın mümkün qədər tezləşdirilməsi istiqamətində intensiv işlərin aparılması idisə, xarici siyasətimizin prioritet məsələsi qazanılan böyük Zəfərin leqallaşdırılması, individual olaraq dövlətlərə, beynəlxalq aktorlara, güc mərkəzlərinə, beynəlxalq təşkilatlara yaratdığımız reallığı qəbul etdirmək idi. Bu gün Qarabağda bərpa-quruculuq işlərinə dövlətimizin başçısının özünün şəxsən nəzarət etməsi ilə görülən işlər, Zəfərimizə münasibət, dünyanın ən böyük siyasi təsisatı olan BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbirin keçirilməsi, Ermənistanla Azərbaycan arasında vasitəli deyil, artıq vasitəsiz, yəni, birbaşa təmasların başlanması, Qoşulmama Hərəkatı ilə son illərdə daha fəal əməkdaşlığımız, Azərbaycanın səyləri ilə və Prezident İlham Əliyevin şəxsən irəli sürdüyü təşəbbüslər nəticəsində təşkilatın beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına verdiyimiz töhfə Azərbaycanın nəinki regionun, qlobal siyasi aləmin nüfuzlu aktoru olmasından, onun rəhbərinə göstərilən yüksək etimad və rəğbətdən xəbər verir. Məhz bu konkret addımların nəticəsi olaraq təşkilat çərçivəsində dövlətimizin sədrliyi daha bir il uzadıldı. Dövlətimizin başçısı hər şeydən əvvəl dünyanın ən böyük siyasi təşkilatı olan BMT–nin son zamanlardakı davranışlarına diqqət yönəldərək, onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. Şuşada təşkil edilən birgə tədbirin ermənilər arasında reaksiyasını “isterika” adlandıran Prezident İlham Əliyev qeyd etdi ki, BMT-Azərbaycan münasibətləri uğurla inkişaf edir.

Politoloq diqqətə çatdırıb ki, bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı ilə işğal dövründən başlayan və bu günə qədər də qarşılıqlı olaraq hər zaman müsbət istiqamətdə qurulan münasibətlər davam etdirilir, ATƏT-in yeni reallıqları qəbul etməsi fonunda bu qurumla da münasibətlərimizi müsbət xarakterizə edirik. Yaradılmasının kökündə Qarabağ münaqişəsini həll etmək dayanan ATƏT-in Minsk qrupu isə 28 il ərzində heç bir real işlə məşğul olmadı. Azərbaycan bu münaqişəni özü beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək həll etdiyi üçün artıq ATƏT-in Minsk qrupunun hər hansı bir missiyası yoxdur. Ona görə bu siyasi təsisat əhəmiyyətini itirmiş hesab olunur. Bu baxımdan da dövlətimizin başçısı ATƏT-in Minsk qrupunu faktiki və tam haqlı olaraq de-fakto etibarsız, qeyri-funksional adlandırdı. Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaqdan ötrü 5 prinsipdən ibarət təkliflə çıxış edib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına və bundan irəli gələn müxtəlif istiqamətlər üzrə məsələlərə istənilən beynəlxalq qurum töhfə verə bilər. Çünki Azərbaycanın mövqeyi haqlı, baxışı isə olduqca aydındır.

Strateji uğurlarla başlayan postmünaqişə dövrü eyni xətlə davam edir. Belə ki, postmünaqişə reallıqlarını qəbul edən bir digər qurum və son zamanlar vasitəçi qismində fəallaşan Avropa İttifaqı ilə münasibətlərimiz daha da intensivləşib. Sözügedən qurumla yekun kommunikedə nə “Dağlıq Qarabağ” adı, nə də “münaqişə” sözləri mövcud deyil. Artıq Ermənistanın baş naziri Nikol Paşinyan da dərk edir ki, heç bir beynəlxalq qurum onlara bu məsələ barəsində kömək etmək iqtidarında deyil, çünki hadisələrin axarını geriyə aparmağın mümkünsüz olduğu kimi, Azərbaycanın yaratdığı reallıqdan kənar bir reallığın mövcud olmadığı da bütün bucaqlardan və tərəflərdən baxıldıqda görünən yeganə mənzərədir. Ermənistanın baş naziri Nikol Paşinyan son olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtinasını etiraf etdi. İndi əsas məsələ Birgə Sərhəd Komissiyasının yaradılmasıdır ki, bu da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilk dəfə baş tutan vasitəsiz, yəni, birbaşa telefon təması zamanı müzakirə edildi. Sərhədlə yanaşı, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupunun yaradılması da mühüm əhəmiyyət kəsb edən zəruri məsələdir.

Ş.Həsənova diqqətə çatdırıb ki, dünya düzənində baş verən hadisələr daha əvvəllər birbaşa deyil, dolayı vasitələr və alətlər, davranış modelləri ilə müşahidə olunurdusa, indi artıq baş verən hadisələr və onların formalaşdırdığı mövcud düzən birbaşa müşahidə olunur. Baş verən hadisələr dünyanın lokal və qlobal proseslərini təfərrüatlı şəkildə izah etməyə imkanlar yaradırsa, konkret dövlətin və onun liderindən də buna uyğun reaksiyalar tələb edir ki, milli maraqları qorusunlar. Prezident İlham Əliyev də Azərbaycanın milli maraqlarını əsas tutaraq olduqca düzgün xarici siyasət kursu həyata keçirir. Azərbaycan tərəfi bütün bu məsələlərin həll olunması istiqamətində zaman itirmədən başlamaq qətiyyətində və əzmindədir. Bütün əldə edilən uğurların bünövrəsində Prezident İlham Əliyevin şəxsi iradəsi, çevik diplomatiyası və həmin diplomatiyanın mərkəzində milli maraqlarımızın təmin olunması dayanır. Heç şübhəsiz, Azərbaycan xalqına Zəfər bəxş etmiş, bu qədər mürəkkəb siyasi düzəndə və iqtisadi çətinliklərin mövcudluğu fonunda ölkəmizi hər cür kataklizmlərdən, təlatümlərdən qorumağı bacaran bir Liderə xalqın güvəni, etimadı və dəstəyi də mütləqdir, sonsuzdur.

Bir tərəfdən Qarabağ və Şərqi Zəngəzurda gedən sürətli quruculuq işləri, digər tərəfdən isə ikitərəfli formatda individual olaraq böyük dövlətlərlə aparılan əlaqələr, beynəlxalq təşkilatlarla uğurla davam etdirilən intensiv münasibətlərin nəticəsi özünün məntiqi yekununu vermiş oldu. Dünyanın müxtəlif güc mərkəzləri ilə aparılan qarşılıqlı faydalı əməkdaşlıq prinsipi qarşılıqlı maraq doğuran məsələlərdə qonşu dövlətlərlə də eyni xətt üzrə aparılıb. Region ölkələrini əhatə edən 3+3 əməkdaşlıq platforması üzrə yaxın zamanda ikinci görüş keçirilməlidir. Azərbaycan tərəfi hesab edir ki, bu görüşlər görüş xətrinə olmalı deyil, konkret nəticələr əldə etmək üçün ümumi səylər ortaya qoyulmalıdır. Azərbaycanın bölgənin inkişafı ilə bağlı aydın baxışı, qəti konstruktiv yanaşması mövcuddur. Bu gün bir reallıq var ki, Ermənistan zəif, Azərbaycan isə güclüdür. Digər tarixi reallığı da biz heç zaman unutmalı deyilik ki, Ermənistan dövləti illər, əsrlər boyu bizə qarşı ərazi iddiası ilə çıxış edib, xalqımıza qarşı soyqırımı həyata keçirib. Məhz bu aydın reallıq bizi hər zaman daha da güclü olmağa vadar etməlidir. Məhz bu reallığı nəzərə alaraq müharibədən dərhal sonra bütün başqa bərpa işləri ilə paralel olaraq, Azərbaycan hərbi sahəyə də böyük diqqət ayırır və bu istiqamətdə həm Türkiyə, həm də İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalanıb.

“Bu gün Ermənistanın inkişafı üçün bir yol var. Bu yol da Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan keçir. Bu uzaqgörən siyasətin müəllifi isə dövlətimizin başçısı İlham Əliyevdir. Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi reallaşdırılması ilə Ermənistan regional layihələrdən təcrid edildi.

Digər bir reallıq da ondan ibarətdir ki, Ermənistan kimi kasıb, iqtisadiyyatı tamamilə xaricdən asılı olan bir ölkə illə ərzində silahlandırmamalı idi. Havayı silahlandırılma hallarına artıq son qoyulmalıdır. Belə bir hal təkrar yaşanarsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək və öz addımlarını da buna uyğun atacaq. Azərbaycan torpaqlarının işğalı illəri ərzində, ondan sonra postmünaqişə dövründə də heç bir tərəfdən yardım almadan bütün məsələləri özü həll edir. Ordu quruculuğu işində Azərbaycan daha da güclənir. Bu baxımdan da Prezident İlham Əliyevin Hadrutda yaradılan Komando birliklərinin və xüsusi təyinatlıların formalaşdırılması məsələsinin üzərində xüsusilə dayandı. Dövlətimizin başçısının fikirləri bir istiqaməti artıq tam müəyyənləşdirdi ki, Azərbaycan ordu modeli Türkiyə ordusu modelində qurulmaqda davam edir.

Azərbaycan dövləti Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracaq. Bu gün mina təmizlənməsi ilə bağlı mütəxəssis çatışmazlığı yaşanır ki, dövlət başçımız da çıxışı zamanı QHT-ləri və fondları bu işlərdə Azərbaycana dəstək olmağa çağırdı. Vaxtilə Azərbaycanın hərb sənayesini gücləndirməsi istiqamətində atdığı addımlara qarşı çıxan, Türkiyənin gündən-günə inkişaf edən hərb sənayesini hədəfə alan bəzi dairələr indi tamamilə fərqli mövqedən çıxış edirlər. Bu və ya digər aydın görünən səbəblər baxımından da insan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutan beynəlxalq təşkilatlar Azərbaycana da diqqət yetirməli və ikili standartlardan kənar olmalıdırlar”, – deyə politoloq əlavə edib.

Həmçinin bildirilib ki, bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı diqqəti çəkən bir məqam regional kommunikasiyaların açılmasının vacibliyi ilə bağlı idi ki, dövlətimizin başçısı Ermənistana olduqca ciddi mesaj verdi ki, üçtərəfli Bəyanatla Ermənistanın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir.

Prezident İlham Əliyevin şəxsi nəzarəti altında Qarabağ və Şərqi Zəngəzurda görülən genişmiqyaslı abadlıq-quruculuq işləri mərkəzləşdirilmiş qaydada həyata keçirilir ki, məhz bu məsələyə ayrılan bu qədər yüksək diqqət, həssaslıq Azərbaycanın dövlət başçısının şəxsində xalqımızın Vətən, torpaq sevgisindən, yurd naminə əzmindən, güzəştə getməyəcəyindən xəbər verir. Düşünürəm ki, əzəli yurd naminə olan məhz bu prinsipiallıq beynəlxalq aləmə ötürülən ən düzgün siyasi xətt və mesajdır.