• 02.06.2023 12:14

Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur

Okt 25, 2022
Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad olunmasının ikinci ili xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd edilir.
Oktyabr ayının 25-də Qubadlı şəhərinin işğaldan azad olunması Zəfərə gedən yolun dönüş nöqtələrindən olmaqla onu daha da yaxınlaşdırdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad edərək, düşmənin bütün həbi qüvvəsini darmadağın etdi və Azərbaycan bayrağını Qubadlı şəhərində ucaltdı.
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın 41 müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşmışlar. Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qubadlı rayonu faydalı qazıntı ehtiyatları ilə zəngin və kənd təsərrüfatının inkişafında rolu olan rayonlardandır.
Müxtəlif qədim türk toponimlərini özündə cəmləşdirən, Zəngəzurun
özünəməxsus gözəlliklərinə malik Qubadlı rayonu füsünkar təbiətə malik olmaqla əsasən palıd, fıstıq və vələs ağaclarıyla örtülü torpaq örtüyünə malikdir.
Səthi əsasən dağlıq olan rayonun qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatı əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər güclü istehkamlar təşkil etmişdi. Bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə həmin yüksəkliklər götürülməli idi. Bu mənada Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu ilk növbədə şəhərə hakim olan yüksəkliklərə nəzarəti ələ keçirdi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən tamamilə azad etdi və noyabrın 9-dək rayonun 41 kəndi işğaldan azad olundu. Digər xüsusi bir məqam da budur ki, Qubadlının azad olunması Laçın dəhlizinin nəzarətə götürülməsi üçün şərait yaratdı. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədi olan rayonlarımızdandır. Qubadlının azad olunması ilə Ermənistanla rəsmi dövlət sərhədinin bərpası prosesi başladı, rayonun digər kəndlərinin azad olunması imkanları genişləndi.
Beləliklə Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 2020-ci il 23 dekabr tarixində Ali Baş Komandan Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.
25 oktyabr 2021 ci il tarixdə cənab Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Qubadlı rayon ictimayət nümayəndələri ilə doğma torpaqda görüşərək onları təbrik etdilər.
Bu əziz gündə
Qubadlının və işgal altında olan digər torpaqlarımızın azadlığı və bütövlüyü naminə canlarını fəda etmiş bütün şəhidlərimizi bir daha qürurla anaraq onlara Allahdan rəhmət və qazilərimizə şəfa diləyirik, başda Cənab Ali Baş Komandan olmaqla Müzəffər Ordumuza güc qüvvət arzulayırıq .
Bu günlərdə Qubadlı və Cəbrayıl rayonlarına etdiyi səfər əsnasında Cənab Prezidentə təqdim edilən baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi, həmçinin memarlıqda nəzərə alınacaq. Cənab Prezidentin səfəri zamanı Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet dövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat olub. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Bir sözlə, Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur. Şübhəsiz ki, 44 günlük zəfər müharibəsində Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qəhramanlıq salnaməsi yaradan Azərbaycan xalqı qurub yaratmağa, düşmənin xarabazarlığa çevirdiyi yurdlarımızı, zəhməti, alın təri sayəsində
laləzarlığa – gülüstana çevirməyə layiq bir xalqdır. Qısa bir zaman kəsiyində həmin ərazilərdə aparılan böyük quruculuq işləri bunu deməyə əsas verir. Təsadüfi deyil ki, bu günlərdə Zəngilanda beynəlxalq hava limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edən qardaş ölkənin prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan təyyarədən düşərkən ətrafa nəzər salaraq görülən işlərin miqyasının necə böyük olduğunu xüsusi bir jestlə ifadə etdi. O qısa bir zamanda Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin xüsusi önəm daşıdığını və bütün proseslərdə Türkiyənin Azərbaycanın yanında olacağını xüsusi vurğuladı. Bu həm də Ermənistana və ona havadarlıq edən ölkələrə qardaş ölkənin bir xəbərdarlıq mesaji idi. Qubadlının timsalında azad edilmiş bütün ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri hətta xarici ölkələrin tanınmış media orqanlarında da geniş şəkildə tirajlanır. Bu da o deməkdir ki, müzəfər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli və yeni inkişaf mərhələsinə qədəm qoyan müasir Azərbaycan, artıq dünyada güclü bir tərəfdaşa, öz siyasi-iqtisadi imkanları ilə regionda ciddi söz sahibinə çevrilib.
Bütün bunlar Azərbaycan xalqının xoş gələcəyə ümidlə baxmağına böyük zəmin yaradır.
Yeni Azərbaycan Partiyası
Qubadlı rayon təşkilatının
sədri
Təhmasib Rüstəmov.